``Metsamor` Ermənistana atom mənbəyi kimi lazımdır` - Təhlükə qapımızda


14:54     02 Noyabr 2017 Metsamor_aerien.jpg

"Metsamor" Atom Elektrik Stansiyası (AES) Ermənistana elektrik enerjisi üçün deyil, yalnız strateji məqsəd, atom mənbəyi obyekti kimi lazımdır!


Femida.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında "Metsamor" AES-in bağlanması barədə müzakirələrin aparılmasından məlumatsız olduğunu nəzərə çatdıran və belə bir müzakirələrin aparılmasını real saymayan A.Qəribov əlavə edib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) "Metsamor"un istismar müddətinin 10 illik, yəni 2016-cı ildən 2026-cı ilədək uzadılması barədə artıq qərar verib: "BMT-nin bu sahə üzrə səlahiyyətli qurumu olan MAQATE də artıq bu məsələyə nöqtə qoyub. Əgər Azərbaycanda belə bir AES olsaydı, Aİ çox tez müddətdə onun bağlanması məsələsini qaldırardı".

A.Qəribov qeyd edib ki, 2016-cı ildə "Metsamor"da təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, AES yenə də bölgə üçün təhlükəli obyekt olaraq qalır: "Nəzərə almaq lazımdır ki, "Metsamor" təmir olunsa belə, onun binası, korpusu köhnədir. Digər tərəfdən, AES zəlzələ zonasında yerləşir. Dövlətin özünün də imkanı yoxdur ki, zəlzələ nəticəsində yarana biləcək fəsadları sərbəst şəkildə, çevik aradan qaldırsın. Ona görə də bu AES təhlükə mənbəyi olaraq qalır. Fransa, Almaniya kimi inkişaf etmiş dövlətlər "Metsamor"la yaşıd reaktorlarının hamısının fəaliyyətini dayandırır. Bu, o deməkdir ki, onlar həmin reaktorları təhlükə mənbəyi hesab edirlər. Litvada ən müasir reaktoru olan AES olsa da, həmin ölkəni Avropa Şurasına qəbul etməmişdən əvvəl onun qarşısında AES-in fəaliyyətinin dayandırılması tələbi qoyuldu".

A.Qəribov qeyd edib ki, "Metsamor" region üçün böyük təhlükə yaratsa da və Azərbaycan onun bağlanması barədə hər il beynəlxalq səviyyədə məsələ qaldırsa da, heç bir qurum buna reaksiya verərək kəskin söz demirlər: "Çünki Ermənsitan həmişəki kimi göz yaşı tökməklə, AES bağlanacağı təqdirdə elektrik enerjisiz qalacağını bildirir. Amma bu yalandır, çünki Ermənistana AES elektrik enerjisi üçün lazım deyil. O, Ermənistana strateji məqsəd üçün atom mənbəyi obyekti kimi lazımdır".

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiya mətbuatına verdiyi açıqlamaya görə, "Metsamor" AES-in Ermənistan və Avropa İttifaqı arasındakı razılaşma səbəbindən bağlanması ilə bağlı müzakirələr süni surətdə həyata keçirilir və həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu AES ən azı 2027-ci ilədək fəaliyyət göstərəcək.

Xatırladaq ki, Metsamor" SSRİ-nin seysmik zonada tikdiyi ilk reaktordur. Layihələndirmə zamanı reaktorun 25 il istifadə edilməsi nəzərdə tutulmuşdu. "Metsamor" AES-in istismar müddəti 2010-cu ildə bitib. Amma Ermənistan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə stansiyanın fəaliyyətinin 2026-cı ilədək uzadılması barədə razılığa gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 1143